Salyanda fermerlər zeytun əkininə böyük maraq göstərirlər VİDEO
Salyan, 12 oktyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Son dövrlərdə kənd təsərrüfatının inkişaf edən sahələrindən biri də zeytunçuluqdur. Əvvəllər bağçılığın bu növü ilə ixtisaslaşmış rayonlar məşğul olsa da, indi Aran rayonlarında da zeytun bağlarına maraq çoxdur.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə təkcə Abşeronda yox, digər bölgələrdə - Sumqayıt, Siyəzən, Göyçay, Beyləqan, Şabran, Yevlaxla yanaşı, Salyanda da zeytun bağları salınıb. Əvvəllər Salyanda zeytun ağacları yalnız yaşıllaşdırma zonası kimi salınırdısa, bu gün əksər fermerlər bu təsərrüfatın daha da inkişafı üçün əlindən gələni əsirgəmirlər. Vaxtilə Salyanın müxtəlif ərazilərində 100 mindən çox zeytun ağacı əkilib.
Rayonun Xələc və Kürsəngi kəndlərində fərdi təsərrüfat sahiblərinin zeytun bağları salması artıq ənənə halını alıb. Bağ sahibləri ötən il zeytun bitkisindən böyük gəlir əldə ediblər. Bu da fərdi təsərrüfat sahiblərini daha da həvəsləndirir və nəticədə rayon ərazisində zeytun bağları salmaq istəyən bağbanların sayını artırır.
Qeyd edək ki, vaxtilə Salyanda zeytun bağları olsa da, sonralar diqqətsizlik və baxımsızlıq ucbatından təsərrüfatın bu sahəsi geridə qalmışdı. Amma son bir neçə ildə zeytunun əkilməsinə maraq artıb. Bu isə rayon ərazisində yeni bağların yaranmasına gətirib çıxarıb. Zeytun bitkisi özünün faydalarından başqa, həm də ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji durumun yaxşılaşdırılmasına xidmət edir.
Bağ sahibi Təyyar Qasımov deyir ki, zeytun şoran sahələri sevən bitkidir. Buna görə də Salyanda zeytunçuluq gəlirli sahə ola bilər: “Ötən il zeytun bağlarımdan 4,5 ton məhsul götürmüşəm. Məhsulumuz bu il də yaxşıdır. Beş ton məhsul götürməyi düşünürəm. Əziyyətsiz bitkidir. Qulluq edirsən, bəhrəsini görürsən. Ötən il 1 kiloqramını 50 qəpiyə satmışdıq. Məhsuldan demək olar ki, 80-90 faiz gəlir götürürəm. Zeytunun faydaları da böyükdür. Yağı, turşusu satılır. Alıcısı həmişə var”.
Qeyd edək ki, zeytun ağacı əkiləndən 4-5 il sonra bar verməyə başlayır, 10 ildən sonra isə məhsuldarlıq hər ağacdan 25-30 kiloqrama çatır. Zeytun ağacı uzun ömürlü olduğundan məhsuldarlığını 100 yaşına qədər qoruyub saxlaya bilir.