İQTİSADİYYAT
M1 magistralının 16-30-cu kilometrlik hissəsində aparılan təmir işləri yekunlaşır VİDEO



Bakı, 14 oktyabr, AZƏRTAC
Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 kilometr hissəsində (M1 magistralı) təmir-bərpa işləri sonuncu mərhələ üzrə aparılaraq yekunlaşdırılır. Hazırda yenidənqurma işləri sözügedən yolun 28-30-cu kilometrlik hissəsində aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, təmir-bərpa işləri zamanı yol örtüyünün aşınma qatı frezlənərək kənara daşınır, örtüyün deformasiyaya uğramış hissələri xüsusi texnika vasitəsi ilə sökülərək qaldırılır, yatağın yararsız qruntu qazılaraq çıxarılır, əks-dolğu işləri görülərək yol yatağı yenidən tikilir. Ardınca yeni yol əsası inşa edilir və hamarlayıcı lay asfalt-beton örtüyü döşənir.
Daha sonra frezlənmiş və hamarlayıcı lay döşənmiş ərazilər iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-betonla örtülür. Artıq işlər sonuncu 2 kilometrlik hissədə aparılır.
Magistralın təmir-bərpa işləri aparılan 14 kilometrlik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər də sökülərək, beton arakəsmələrlə əvəzlənib.
Təmir-bərpa işlərinin 1-ci hissəsi üzrə magistralın 30-cu kilometrindən (Sumqayıt) 16-cı kilometrinədək (VAZ dairəsi) olan hissəsində yenidənqurma işləri artıq bitib.
Tərtib olunmuş qrafikə uyğun olaraq işlərin yaxın günlərdə yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.