Şabranda 7 kilometr uzunluğundakı Ağalıq kanalı beton üzlüyə alınıb VİDEO
Şabran, 15 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Şabranda növbəti suvarma mövsümünə hazırlıq işləri çərçivəsində 7 min metr uzunluğundakı torpaq məcralı Ağalıq kanalı beton üzlüyə alınıb.
Şabran Suvarma Sistemləri İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Ağalıq kanalı vasitəsilə 1000 hektardan artıq sahənin suvarılması daha da yaxşılaşacaq.
İdarənin əməkdaşları tərəfindən növbəti mövsümdə sahələrin vaxtında suvarılmasını düzgün təşkil etmək məqsədilə torpaq kanallar lil və kol-kosdan təmizlənir. Görülən işlər nəticəsində kanalların ötürücülük qabiliyyəti artırılır ki, bu da su itkisinin qarşısını alır. Kanalların təmizlənməsi işlərinə 12 ədəd ağır texnika cəlb olunub.
Şabran Suvarma Sistemləri İdarəsinin rəisi Adil Şamilov bildirib ki, rayonda yaz-yay suvarma mövsümü uğurla başa çatıb. Əvvəlcədən görülən meliorativ tədbirlər nəticəsində cari suvarma mövsümündə təsərrüfat sahibləri vaxtında suvarma suyu ilə təmin edilib.
Hazırda Şabranda 27 min hektar əkinəyararlı torpağı suvarmaq üçün 764 kilometr uzunluğunda təsərrüfatdaxili və təsərrüfatlararası suvarma kanalından istifadə edilir. Son illər rayonda 100 kilometrdən artıq torpaq kanal beton kanalla əvəzlənib.
2019-cu ildə aparılan meliorativ tədbirlərdən sonra Şabranda 9 min hektar sahə əkin dövriyyəsinə cəlb olunub. Əkinə yeni cəlb edilən sahələrin suvarılması məqsədilə ərazidə yeni qapalı sistem yaradılıb.