Cəlilabadda innovativ üsullarla çiyələk şitillərinin əkininə başlanılıb VİDEO
Cəlilabad, 19 oktyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Oktyabrın əvvəlindən Cəlilabadda yeni əkin sahələrinə çiyələk şitillərinin köçürülməsinə başlanılıb. Builki mövsüm rayonda çiyələk sahələri 500 hektara çatdırılıb.
AZƏRTAC xəbər verir ki, çiyələkçilik Cəlilabad rayonunun iqtisadiyyatının mühüm sahələrindən biri hesab olunur. Gəlirli sahə kimi yerli sahibkarlar çiyələkçiliyin inkişafına ilbəil maraq göstərirlər. Hava şəraitindən asılı olaraq, ilin təxminən 6-7 ayı açıq əkin sahələrində becərilən çiyələk məhsulu, payız fəslindən örtük altı və istixanalarda yetişdirilir. Bu mövsüm rayonda çiyələk sahələri əlavə 70 hektar artırılaraq 500 hektara çatdırılıb. Hazırda əkin üçün hazırlanmış yeni münbit ərazilərdə bir müddətdir ki, şitil əkininə başlanılıb.
Fermer Vüqar Musayev deyib: “Bu il biz müasir üsulla əkin aparırıq. Polietilen örtüklərlə torpağın üstünü örtmüşük. Damlama üsulu ilə də suvarma sistemi həyata keçiririk. Artıq havaların yaxşı keçməsi işlərimizi də asanlaşdırıb. Məhsuldarlıq da yaxşıdır. Ötən il hektara 35 tona yaxın məhsul götürmüşdük. Ondan da artığını bu il yığarıq. Bu il sahəmi 2 hektar da artıracağam. Ötən il 4-5 hektar çiyələk sahəm var idi. Bu il 6-7 hektara yaxın sahədə əkin aparacağam”.
Çiyələk sahəsində 2-3 il məhsul götürəndən sonra yenisi ilə əvəzlənməlidir. Növbəli əkin üsulu ilə yeni sahəyə şitillərin köçürülməsi həyata keçirilir. Qış aylarında məhsul götürmək, respublikanın bazarlarını təmin etmək məqsədilə örtük sahələrdə də çiyələk əkini nəzərdə tutulub. Gələcəkdə giləmeyvənin sağlam və keyfiyyətli inkişafı üçün gənc şitillərin köçürüldüyü sahələrdə yeni texnoloji üsullar tətbiq olunub.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisi Mübariz Nadirov: “Maksimum 2-3 ildən sonra çiyələk sahəsi təzələnməlidir. Yeni sahələrə şitillər köçürülməlidir. Hazırda payız mövsümüdür. Qış fəsli yaxınlaşır. Açıq sahələrə şitillər köçürülsə də, sonradan bunların üstü örtüləcək. Bildirim ki, 2021-ci ildə rayonumuzun çiyələk əkini ilə məşğul olan fermerləri 457 hektar sahədən 12 min 620 ton məhsul götürüblər. Bunun da 1800 tonu xarici bazara, qalanı isə yerli bazarlarda satışa çıxarılıb”.
Qeyd edək ki, builki mövsümdə cəlilabadlı çiyələkçilər sahələrdən 13 min tona yaxın məhsul toplayıb. Daxili bazarın tələbatını ödəməklə, məhsulun 2 min tondan çoxu xarici bazarlara ixrac olunub.