İQTİSADİYYAT
2020-ci ilədək regionda çəltiyin istehlakının 12 milyon tona çatdırılması nəzərdə tutulub
Bakı, 8 oktyabr, AZƏRTAC
Mərkəzi və Qərbi Asiya Regionu Çəltikçilik Mərkəzi (CWARice) üzrə düyü istehlakına olan illik tələbat 900 milyon ton təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə KİV-lərə müsahibəsində Kənd Təsərrüfatı Nazirliyi, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai məlumat verib.
Onun sözlərinə görə, CWARice 2011-ci ildə İran İslam Respublikasının Rəşt şəhərində təsis olunub. Mərkəzin yaradılmasında əsas məqsəd region ölkələrində çəltikçilik sənayesinin inkişaf etdirilməsi və bu məhsulun istehsalı ilə bağlı region ölkələri arasında elmi-texniki əməkdaşlığın həyata keçirilməsidir.
İnstitut direktoru bildirib ki, 2020-ci ilədək regionda çəltiyin istehlakının 12 milyon tona, 2035–ci ildə isə 16,6 milyon tona çatdırılması nəzərdə tutulub. Çəltikçilik sahəsində hədəflərə nail olmağın bir yolu da beynəlxalq və regional mərkəzlərlə, o cümlədən Beynəlxalq Çəltik Tədqiqatı İnstitutu (İRRİ) və Mərkəzi və Qərbi Asiya Çəltik Mərkəzi (CWARice) ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir.
Azərbaycanda çəltikçiliyin perspektivlərindən danışan institut direktoru deyib: “Çəltikçilik sahəsində hədəfimiz istehsalın özünütəminat səviyyəsinə çatdırılmasıdır. 2017-ci ildə çəltiyin əkin sahəsi əvvəlki illə müqayisədə 2 dəfədən çox artaraq 5,1 min hektara çatdırılıb. Ölkə üzrə isə 15,9 min ton məhsul toplanıb”,- deyə C.Təlai vurğulayıb.