2024-cü ildə Türkiyənin qaz mərkəzinə çevrilməsi reallaşa bilər
Bakı, 27 dekabr, AZƏRTAC
Rusiya hökuməti Ankara ilə birlikdə Türkiyənin gələn il qaz mərkəzinə çevrilməsi istiqamətində iş aparır və 2024-cü ildə bu plan reallaşa bilər. Sözügedən layihənin tezliklə ratifikasiya edilməsi gözlənilir.
AZƏRTAC Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə RF hökuməti sədrinin müavini Aleksandr Novak bildirib.
Rusiya rəsmisi qeyd edib ki, sanksiyalardan sonra Avropa İttifaqı ölkələrinin qaz istehlakı 100 milyard kubmetrdən çox azalıb və 2021-ci ildəki 609 milyard kubmetrdən 490 milyard kubmetrə düşüb. Onun sözlərinə görə, bu vəziyyət bir çox avropalı sənayeçiləri istehsalı enerji daşıyıcılarının daha ucuz olduğu ABŞ-a köçürməyə vadar edib.
A.Novak diqqətə çatdırıb ki, bu il Rusiyanın neft-qaz gəlirlərinin 9 trilyon rubl (89 milyard dollar) olacağı təxmin edilir ki, bu da 2021-ci il səviyyəsinə yaxındır. O əlavə edib ki, dünya bazarlarında neftin qiymətlərinin sabit olması bu sahədə onun ölkəsinin gəlirlərinin azalmasının qarşısını alıb. Eyni zamanda, Avropa bazarından məhrum olan Rusiya neft və qazın böyük hissəsini Çin və Hindistana ixrac edir. Belə ki, bu il Çinə neft ixracı 50 faiz, Hindistana isə 40 faiz artıb. Latın Amerikası, Afrika və Uzaq Şərq ölkələri də Rusiyadan neft almaq istəyir.
Rusiya rəsmisi bildirib ki, neft-qaz sənayesi onun ölkəsində ÜDM-in 27 faizini təşkil edir. Rusiyanın ixracatdan gəlirinin 57 faizi məhz bu sahənin payına düşür.