Ədliyyə naziri: Məhkəmə infrastrukturunun müasirləşdirilməsi və hi-tech məhkəmələrin yaradılması daim diqqətdə saxlanılır VİDEO
Bakı, 5 aprel, AZƏRTAC
Məhkəmə infrastrukturunun müasirləşdirilməsi və hi-tech məhkəmələrin yaradılması daim diqqətimizdə saxlanılaraq Dünya Bankının iştirakı ilə paytaxtda və bölgələrdə 35, o cümlədən təkcə ötən ildə 11 məhkəmə üçün yeni, müasir bina və komplekslər istifadəyə verilib, onlar “Elektron məhkəmə” sistemi ilə təchiz olunublar.
AZƏRTAC xəbər verir ki, bunu aprelin 5-də ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının 2022-2025-ci illər üzrə Azərbaycan üçün fəaliyyət planının təqdimetmə mərasiminə həsr olunmuş tədbirdə deyib.
Fikrət Məmmədov Azərbaycanda tətbiq edilən elektron məhkəmə sisteminin məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsində və şəffaflığın artırılmasında mühüm rol oynadığını vurğulayıb: “Bu sahədə islahatlarımız beynəlxalq maraq doğuraraq təqdir edilib, Dünya Bankının müxtəlif nominasiyalarına, Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” mükafatına layiq bilinib. Penitensiar sistemin islahatı da başqa bir xüsusi əhəmiyyət daşıyan istiqamətdir. Hər bir cəmiyyətdə məhkumlarla davranışa münasibət ölkənin mədəni-sivil səviyyəsinin göstəricisidir. Təsadüfi deyil ki, dövlətimiz bu sahəyə böyük önəm verir. Bu günlərdə cəmiyyətimizin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün yeni müəssisələr istifadəyə verilib. Məhkumların hüquqlarının təminatına daim xüsusi önəm verən Prezident İlham Əliyev həmin müəssisələrə şəxsən baş çəkərək yaradılan şəraitlə tanış olub. Biz bu müəssisələrdə geniş ictimai təqdimat və mediatur keçirmək niyyətindəyik. Buna cəmiyyətdəki marağı nəzərə alaraq, arzusu olanları bu tədbirdə iştirak etməyə dəvət edirik”.
Ədliyyə naziri qeyd edib ki, ölkəmiz humanizm ideyalarına daim sadiqlik nümayiş etdirir. Ötən dövrdə Azərbaycan Prezidenti tərəfindən 6 minə yaxın şəxs əfv olunub. Torpaqlarımızın Vətən müharibəsi nəticəsində işğaldan azad olunmasının ildönümü, 8 Noyabr - Zəfər Günü münasibətilə qəbul edilmiş amnistiya aktı 17 mindən çox şəxsə tətbiq edilməklə əhatəliliyinə görə ən geniş olub. Eyni zamanda, tədbirdə təmsil olunan Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə sıx əməkdaşlıq sayəsində penitensiar sistemdə vərəmlə mübarizədə olduqca yüksək nailiyyətlər qazanılıb. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı bu sahədə təcrübəmizlə böluşülməsi üçün Bakıda beynəlxalq statuslu Təlim Mərkəzi yaradıb və artıq onlarla dövlətin nümayəndələri nailiyyətlərimizdən bəhrələniblər.
Nazir yeni Fəaliyyət Planın da birgə səylərimiz nəticəsində uğurla həyata keçirilərək demokratiyanın daha da inkişafına, insan hüquqlarının daha etibarlı təminatına, qanunun aliliyinə xidmət edəcəyinə əminliyini bildirib: “Avropa Şurasının obrazlı desək “təsis ataları”nın hədəfi qitəmizdə Avropa birliyini ehtiva edən orqanik əməkdaşlıq təsisatı yaratmaq idi. Hesab edirəm ki, bu məqsədə artıq nail olunmaqdadır. Bizim fəaliyyət planımız da bunun əyani təzahürüdür”.