20 Yanvar - azadlığa gedən yolun zirvəsi
Ağsu, 14 yanvar (AZƏRTAC). Qanlı Yanvar faiciəsinin iyirmi ikinci ildönümü ilə əlaqədar Ağsuda keçirilən silsilə tədbirlər çərçivəsində rayon mərkəzi kitabxanasında yığıncaq təşkil edilmişdir. Tədbirdə mərkəzi kitabxananın direktoru Cəbrayıl Bələdov “20 Yanvar - azadlığa gedən yolun zirvəsi” mövzusunda məruzə etmiş, çıxışlar olmuşdur.
“Bizim xalqımız o günü heç vaxt unutmayacaqdır. Çünki o, ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi, bu, bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan ölkəsinə edilən təcavüz idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdırlar”. Məruzəsinə ümummilli liderimiz Heydər Əliyevin vaxtilə dediyi bu sözlərlə başlayan C.Bələdov o illərin hadisələri, xalqımızın azadlıq uğrunda mübarizəsi və başda Mixail Qorbaçov olmaqla sovet imperiyasının qəddarlığı barədə ətraflı məlumat vermişdir.
Məruzə və çıxışlarda qeyd olunmuşdur ki, tariximizin müəyyən dövrlərində ağır sınaqlara məruz qalmış Azərbaycan xalqı bu sınaqdan da şərəflə, öz qanı bahasına çıxmışdır. Bildirilmişdir ki, məhz ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faiciəsi dövlət səviyyəsində hüquqi-siyasi qiymətini almışdır.
Yığıncaqda bu faiciənin xalqımızın tarixində yeri və rolu, faiciənin əbədiləşdirilməsi və dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan işlərdən də ətraflı danışılmışdır.
Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.