“20 Yanvar – hüzn və qürur günü” mövzusunda sərgi açılmışdır
Bakı, 16 yanvar (AZƏRTAC). Yanvarın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində (MATM) 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş “20 Yanvar - hüzn və qürur günü” mövzusunda sərgi açılmışdır.
AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlət himni səsləndirilmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi qanlı hadisələrdən söhbət açmış, faciənin səbəbkarlarının hələ də beynəlxalq səviyyədə cəzalandırılmadığını bildirmişdir.
Qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi adlandıran N.Vəlixanlı bu günün heç zaman yaddaşlardan silinməyəcəyini qeyd etmişdir. Vurğulanmışdır ki, həmin gün nə qədər hüznlə anılsa da, bir o qədər də xalqımızın şərəf tarixi kimi yada salınır.
Qeyd edilmişdir ki, Qanlı 20 Yanvar gecəsində silahlı sovet ordusu xalqımızın azadlıq mübarizəsini qıra bilməmişdir. Məhz bu əzmin, mübarizənin sayəsində xalqımız azadlığına qovuşmuşdur.
Tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək artıq 24 ildir ki, ölkəmizdə və dünyanın müxtəlif yerlərində 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırmışdır. Xalqımızın tarixinə qara hərflərlə yazılmış Qanlı 20 Yanvar hadisələrindən söhbət açan A. Mirzəzadə bu siyasətin keçmiş sovet imperiyası tərəfindən düşünülmüş şəkildə həyata keçirildiyini bildirmişdir.
A.Mirzəzadə həmin vaxt xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qanlı hadisəyə qarşı kəskin etirazını bildirdiyini xatırlatmışdır. Vurğulamışdır ki, 20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət məhz ulu öndər, müdrik şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə verilmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı sədrinin müavini Muxtar Nağıyev, 20 Yanvar şəhidi Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova sovet imperiyası ordusunun törətdiyi qanlı qırğınlardan, azadlıq arzusunda olan insanların qəddarcasına qətlə yetirilmələrindən söhbət açmışlar.
Sonra məktəblilərin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilmişdir.
Martın 1-dək davam edəcək sərgidə 20 Yanvar şəhidlərinə məxsus olmuş şəxsi əşyalar, fotoşəkillər, sənədlər, qəzetlər nümayiş olunur.
Sonda iştirakçılara “İrs-Naslediye” beynəlxalq jurnalının 20 Yanvar faciəsinə həsr olunmuş və xarici dillərdə çap edilmiş nömrələri paylanılmışdır.