20 Yanvar Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixində mühüm bir mərhələ olmuşdur
Bakı, 16 yanvar (AZƏRTAC). Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Tahir Budaqov sovet ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi qətliamdan bəhs etmişdir. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev həmin ağır günlərdə Moskvada öz xalqının səsinə səs vermiş və bu qətliamı pisləyən bəyanatla çıxış etmişdir.
Qeyd edilmişdir ki, 20 Yanvar Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixində mühüm bir mərhələ olmuşdur. Bu faciəni törətməklə totalitar sovet rejimi özünün cinayətkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirmişdir. İyirmi Yanvar milli matəm, hüzn günü kimi qeyd edilir, ancaq o müdhiş gecə həm də iftixar hissi ilə xatırlanır. Bu qətliam xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə qüdrətini bütün dünyaya bəyan etdi. Məhz bu fədakarlıq və iradə sayəsində xalqımız müqəddəs arzusuna çatmış, milli azadlığına qovuşmuşdur.
20 Yanvar Respublika Cəmiyyətinin sədri Soltan Əzimzadə bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev çoxşaxəli fəaliyyətində tarixilik və müasirlik amilini əsas tutaraq milli mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanması və inkişaf etdirilməsinə xüsusi diqqət yetirir, müstəqilliyimizin bərpa edilməsində rolu olan insanlara qayğı ilə yanaşır.
Sonra Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin kollektivinin hazırladığı kompozisiya nümayiş etdirilmişdir.