20 Yanvar faciəsi insanlığa qarşı törədilmiş dəhşətli cinayətdir
İsmayıllı, 17 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsi təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ən ağır cinayət, vəhşi terror aktı olmaqla, bəşər tarixində qara ləkə kimi əbədi qalacaqdır. Milli azadlığı, torpaqlarının bütövlüyü uğrunda haqq səsini ucaldan dinc, əliyalın insanlara qarşı törədilmiş kütləvi terror nəticəsində yüzlərlə günahsız insan qətlə yetirilmiş, ağır yaralanmış, həbsxanalara salınmışdır. Əsrlər keçəcək, nəsillər dəyişəcək, o qanlı-qadalı yanvar gecəsində şəhid olmuş Vətən oğullarının xatirəsi qəlblərdə əbədi yaşayacaqdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri “20 Yanvar faciəsi Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş dəhşətli cinayətdir” mövzusunda “dəyirmi masa”da səslənmişdir.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Əzizə Vahabova, 20 Yanvar əlili Əlizadə Səmədov və başqaları çıxış edərək qanlı Yanvar faciəsinin səbəbləri və ağır nəticələri barədə ətraflı danışmışlar.
“Dəyirmi masa”da çıxış edənlər ulu öndər Heydər Əliyevin 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsində və xalqımızın milli mənlik şüurunun oyanmasında misilsiz xidmətlərindən, bu gün Azərbaycanın haqq işinin dünyaya çatdırılmasında Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyətindən ətraflı söhbət açmışlar.