“20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü” mövzusunda tədbir keçirilmişdir
Bakı, 16 yanvar (AZƏRTAC). Yanvarın 16-da Şirvan Regional Ədliyyə Şöbəsinin inzibati binasında ədliyyə qurumlarında çalışan əməkdaşların, Şirvan Apelyasiya, İnzibati-İqtisadi məhkəmələrinin, şəhər məhkəməsinin hakimlərinin və aparat işçilərinin iştirakı ilə “20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə Şirvan Apelyasiya Məhkəməsinin sədri Qürbət Əsgərov açaraq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın başına gətirilən qanlı faciənin acılarından danışmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi sayılan 20 Yanvar faciəsi yeni tariximizə həm də bir qürur günü kimi yazılmışdır. Çünki bu hadisə günahsız insanların amansız bir formada qətlə yetirilməsi ilə nəticələnsə də, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının mübarizliyini, məğrurluğunu bir daha bütün dünyaya, o cümlədən o vaxtkı imperiya rəhbərliyinə aydın şəkildə nümayiş etdirdi. Tarixə qanla yazılan 20 Yanvar faciəsi Vətəni, azadlığı uğrunda ölümün gözünə dik baxan Azərbaycan övladlarının varlığını bir daha dünyaya tanıtmaqla yanaşı, SSRİ adlanan nəhəng imperiyanın çöküşündə əsas amillərdən biri olmuşdur.
Qeyd edilmişdir ki, yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmişdir.
Tədbirdə çıxış edənlərdən Şirvan Apelyasiya Məhkəməsinin hakimi, 20 Yanvar əlili Etibar Camalov qanlı faciənin canlı şahidi kimi həmin hadisəni bir daha xatırlayaraq bu fədakarlığın xalqımızın qan yaddaşında əbədi iz buraxdığını diqqətə çatdırmışdır.
Çıxış edən ədliyyə işçiləri, hakimlər və məhkəmənin əməkdaşları qeyd etmişlər ki, yanvarın 19-dan 20-nə keçən gecə
törədilmiş qanlı qırğın xalqımızı öz azadlığı və müstəqilliyi uğrunda fədakar mübarizəsindən döndərə bilməmiş və son nəticəsində müqəddəs arzusu olan milli azadlığa qovuşmuşdur. Azadlıq uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Sonda tədbir iştirakçılarına Qanlı 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş edilmişdir.