“20 Yanvar hadisələrinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilmişdir
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “20 Yanvar hadisələrinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş konfransda gənclər təşkilatlarının nümayəndələri, akademiyanın müəllim və tələbələri iştirak etmişlər.
Tədbirdə əvvəlcə 20 Yanvar hadisələri zamanı, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək Azərbaycan tarixinin azadlıq mübarizəsinin parlaq səhifələrindən olan 20 Yanvar faciəsindən söhbət açmışdır.
Bildirilmişdir ki, Qara Yanvar xalqımızın yaddaşında dərin iz buraxmışdır. Keçmiş sovet imperiyası 24 il əvvəl Bakıda qanlı aksiya törətməklə xalqımızın milli azadlıq hərəkatını boğmağa çalışsa da, buna nail ola bilməmişdir. Azərbaycan xalqı əsl qəhrəmanlıq nümayiş etdirərək təpədən-dırnağadək silahlanmış düşmən ordusunun qabağından qaçmamış və öz qanı bahasına müstəqilliyini əldə etmişdir.
Hadisələrə hüquqi-siyasi qiymət verilməsində, cinayətkarların adının xalqa bəyan edilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri xatırladılmış və diqqətə çatdırılmışdır ki, hazırda 20 Yanvar şəhidlərinin ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Abıyev demişdir ki, dəhşətli 20 Yanvar gecəsində xalqımız qəhrəmanlığını və azadlıq uğrunda mübarizə əzmini bir daha bütün dünyaya bəyan etmişdir.
Vurğulanmışdır ki, xalqımızın ümummilli lideri Heydər Əliyev o qanlı-qadalı gündə heç kimdən qorxmadan, özünün və ailəsinin həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və burada keçirdiyi mətbuat konfransında kəskin bəyanat verərək qanlı aksiyanın təşkilatçılarını və icraçılarını ittiham etmişdir.
Belə bir fikir xüsusi vurğulanmışdır ki, gənclərimiz qəhrəmanlarını tanımalı və onların xatirəsini daim əziz tutmalıdırlar.
Digər çıxış edənlər də bu qanlı tarixi yaddaşlarda yaşatmağı və gələcək nəsillərə çatdırmağı gənclərimizə tövsiyə etmişlər.
Toplantıda gənclər mövzu ətrafında fikir mübadiləsi aparmışlar.