20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir
Bakı, 17 yanvar (AZƏRTAC). 20 Yanvar - ümummilli hüzn günü ilə əlaqədar Sahibkarlığa Kömək Milli Fondunda və Bakı Biznes Tədris Mərkəzində şəhidlərin anım mərasimi keçirilmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov və başqaları çıxış edərək, Sovet imperiyasının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşilikləri, günahsız insanların qətlə yetirildiyini xatırlatmışlar. Qeyd edilmişdir ki, xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, həmin ağır günlərdə Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmışdır. Dahi şəxsiyyət həyatını təhlükə qarşısında qoyaraq, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə ittiham etmiş, 20 Yanvar hadisəsini mahiyyət etibarilə bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş hərbi cinayət kimi qiymətləndirmiş, bu qanlı faciənin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etmişdir. Məhz Ümummilli Liderin hakimiyyətə yenidən qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilmişdir.
Ulu Öndərimizin siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiramla yanaşır. Şəhidlərin ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə mühüm qərarlar qəbul edilir. Bu gün Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ailələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar.
Tədbirdə 20 Yanvar hadisələri barədə geniş məlumat verilmiş, bu günün Azərbaycan tarixində təkcə faciə deyil, eyni zamanda milli məfkurəmizin oyanış günü olduğu vurğulanmışdır.