20 Yanvar qırğını Azərbaycan xalqının iradəsini qıra,azadlıq eşqini söndürə bilmədi
Bakı, 17 yanvar (AZƏRTAC). “Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC) 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilmişdir. İyirmi dörd il əvvəl xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.
Qeyd olunmuşdur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xüsusi təyinatlı qoşun birləşmələrinin Bakıya yeridilməsi nəticəsində günahsız insanlar qətlə yetirilmiş və yaralanmışdır. Həmin illərdə Azərbaycanın öz haqq səsinin dünya ictimaiyyətinə çatdıra bilməməsi üçün yaradılan informasiya blokadasına baxmayaraq, ən çətin günlərdə də xalqla bir yerdə olan ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsi ilə bağlı cəsarətli mövqe nümayiş etdirmişdir. Q.Hüseynov demişdir: “Ulu Öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xarici media qarşısında çıxış etmiş, imperiyanın siyasətini, Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa etmişdir. Ümummilli Liderin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra faciəyə siyasi-hüquqi qiymətin verilməsi məsələsi həllini tapmış, 20 yanvar tarixi - Ümumxalq Hüzn Günü elan edilmişdir. Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsini həmişə uca tutan Ümummilli Lider onların adlarının əbədiləşdirilməsi, şəhid ailələrinə maddi və mənəvi qayğı göstərilməsinə daim diqqətlə yanaşmışdır. Bu humanist siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Tədbirdə su təsərrüfatında çalışmış Cəbrayıl Xanməmmədovun faciə günü həlak olması, su təsərrüfatı işçilərindən Xariz Alimovun, İvan Proxorovun, Kamil Həzrətquliyevin və Təranə İmanovanın yaralandığı xatırladılmışdır.
Tədbirə dəvət olunmuş tarix üzrə elmlər doktoru, professor Şikar Qasımov əsrlər boyu ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri məkrli siyasəti tarixi faktlarla əsaslandırmışdır.
Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov və 20 Yanvar şəhidi Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova çıxış edərək şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu bildirmişlər.
Tədbirdə qeyd olunmuşdur ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı həyata keçirilən qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.