20 Yanvar şəhidləri Azərbaycan tarixində yeni parlaq səhifə açmışlar
Göygöl, 17 yanvar (AZƏRTAC). Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Göygöl Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı ilə birlikdə 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev açaraq Azərbaycanın şanlı müstəqillik tarixinə qızıl hərflərlə yazılmış 20 Yanvar faciəsinin başvermə səbəblərindən, uzun illər imperiya əsarəti altında yaşayan xalqımızın azadlıq uğrunda apardığı mübarizədə şəhid olan mərd oğul və qızlarımızın göstərdikləri igidliklərdən danışmışdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova və başqaları çıxış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisələri bir daha diqqətə çatdırmışlar. Qeyd edilmişdir ki, keçmiş SSRİ rəhbərliyinin qanunsuz olaraq Bakının küçələrinə qoşun yeritməsinə etirazını bildirən dinc sakinlər azğınlaşmış imperiya ordusu tərəfindən gülləboran edilmiş, günahsız insanların həyatına son qoyulmuşdur. 20 Yanvar faciəsi zamanı 134 günahsız insan şəhid olmuş, 600-dən çox soydaşımız isə yaralanmışdır. Vəhşicəsinə öldürülənlər arasında 20-dən artıq qadın və uşaq olmuşdur.
Qeyd edilmişdir ki, 20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməmişdir. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları və qızları Azərbaycan tarixində yeni parlaq səhifə açmaqla yanaşı, xalqın qəlbində milli mübarizlik əzmi yaratmışlar.
Tədbirdə o da bildirilmişdir ki, 1990-cı il yanvarın 20-də törədilmiş qanlı qırğına yalnız ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra siyasi-hüquqi qiymət verilmiş və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü işlər görülmüşdür.
X X X
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar Goranboy rayonunda da tədbir keçirmişdir.
Tədbirdə çıxış edənlər o qanlı gecənin səbəbkarlarının cəzalandırılmasını tələb etmiş və Azərbaycan xalqının mübarizlik əzmini qırmaq məqsədi ilə törədilmiş qırğının qanlı nəticələrindən, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışmışlar.