20 Yanvar sınağı: azərbaycançılıq nümunəsi
Bakı, 18 yanvar, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “20 Yanvar sınağı: azərbaycançılıq nümunəsi” adlı “dəyirmi masa” keçirilib.
Mərkəzin mətbuat xidmətinin AZƏRTAC-a verilən məlumata görə, tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“Dəyirmi masa”nın moderatoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrini həmin gün xalqımıza qarşı sovet imperiyası rəhbərliyinin həyata keçirdiyi hərbi təcavüz, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi xarakterizə edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının I prorektoru Əlikram Abdullayev, Prezident Administrasiyasının millətlərarası münasibətlər, tolerantlıq və multikulturalizm məsələləri üzrə müşavirliyinin baş məsləhətçisi Etibar Nəcəfov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı, deputatlar Aydın Mirzəzadə, Cavanşir Paşazadə, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadzadə, Rus Pravoslav Kilsəsi yeparxiyasının nümayəndəsi Konstantin Ata, Avropa Yəhudiləri İcmasının rəhbəri Gennadi Zelmanoviç, Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, AMEA-nın Kimya İnstitutunun direktoru Vaqif Abbasov, udin icmasının rəhbəri Robert Mobili, “Samur” Ləzgi Milli Mərkəzinin rəhbəri Sədaqət Kərimova, “Talış” Mədəniyyət Mərkəzinin sədri Rafiq Cəlilov və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Çıxışlarda vurğulanıb ki, milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya göstərib. 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Həmin gün Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri Vətən, azadlıq uğrunda şəhid olmağa hazır olduqlarını göstəriblər. Bu ölməz qəhrəmanlıq Azərbaycan multikulturalizminin böyük tarixi köklərə malik olduğunu bir daha nümayiş etdirib.