20 Yanvar tariximizə qanla yazılıb
Bakı, 18 yanvar, İbrahim Əsədov, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə təşkil olunmuş tədbirdə alimlər, məktəblilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Qara Yanvara həsr edilmiş film göstərilib.
Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı 20 Yanvar faciəsindən bəhs edib. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusu Bakıda və ölkəmizin digər şəhər və rayonlarında dəhşətli qırğınlar törədib, günahsız qanlar axıdıb.
Vurğulanıb ki, tariximizin həm qanlı, həm də şanlı səhifəsi olan 20 Yanvar heç zaman yaddan çıxmayacaq.
Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev 20 Yanvarın Azərbaycan xalqının müstəqillik tarixindəki rolundan danışıb. Qanlı Yanvar hadisələrində günahsız insanların qəddarcasına qətlə yetirildiyini diqqətə çatdıran İ.Vəliyev ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu faciəyə hüquqi-siyasi qiymət verildiyini bildirib.
Çıxış edənlər şəhidlərin xatirəsinin daim əziz tutulacağını vurğulayıblar.
Sonra məktəblilər 20 Yanvarla bağlı ədəbi-bədii kompozisiya göstərib, Dövlət Uşaq Filarmoniyasının dərnək üzvləri əl işlərini nümayiş etdiriblər.