REGİONLAR
Gədəbəydə çoban heykəli görənlərin marağına səbəb olur FOTO VİDEO
Gədəbəy, 16 may, Ruslan Novruzoğlu, AZƏRTAC
Azərbaycanın hər bölgəsində bir-birindən maraqlı müxtəlif abidələrə, heykəllərə rast gəlinir. Bu abidələrdən biri də Gədəbəydəki çoban heykəlidir. Əlində çomağı, şux duruşu ilə yol kənarındakı hündür qaya üstündə ucaldılan çoban heykəli yoldan keçənlərdə xoş hisslər yaradır.
AZƏRTAC xəbər verir ki, Gədəbəy rayonunun Qaraməmmədli kəndindəki çoban heykəli təxminən ötən əsrin 60-cı illərində, yaylağa gedib-gələn bölgə çobanlarının şərəfinə dövlət tərəfindən ucaldılıb. Abidənin üzərində “SSRİ Dövlət mükafatı laureatı Çoban Qaraca” yazısı qeyd olunub.
Kənd sakini Niyazi Quliyev deyir ki, abidə Çoban Qaranın xatirəsinə ucaldılıb. “Kəndin məhz bu hissəsi qoyun sürülərinin keçdiyi yer olub. Mənim 65 yaşım var. Heykəlin yaşı mənim yaşımdan da çoxdur. Bu, biz sakinlər üçün olduqca dəyərli abidədir. Tarixi abidə kimi qorunur və mühafizə edilir. Abidə haqqında maraqlananlara məlumat veririk. Yoldan keçənlər dayanıb abidə önündə şəkil çəkdirirlər”, - deyə kənd sakini N.Quliyev bildirir.
Qazax, Ağstafa, Şəmkir və Tovuz rayonlarının qoyun sürüləri bu ərazidə toplaşaraq yaylaqlara getdiyindən, çobanlar burada müvəqqəti məskən salarmışlar. İstirahət etdikdən sonra yenidən yollarına davam edib yaylaqlara gedərmişlər. Məhz buna görə də abidənin yeri bu məkan seçilib.
Kənd sakini Tahir Hüseynov bildirir ki, sürülər əvvəllər buradan Göygölə, Şahdağa gedirdi: “Bura çobanların öz sürülərini müvəqqəti saxladığı, bir növ dayanacaq, istirahət yeri olub. Burada bir neçə gün istirahət etdikdən sonra yenidən yollarına davam edərmişlər. Çoban Qara məşhur çoban olub. Bu abidə də onun şərəfinə ucaldılıb”.
Yerli sakinləri bildirirlər ki, belə heykələ çox nadir hallarda rast gəlinir. Bu unikal abidəni öz gözləri ilə görmək isə elə də çətin deyil. Bunun üçün sadəcə Gədəbəyin Qaraməmmədli kəndinə gəlmək yetər.