REGİONLAR


Şəhid Nurlan Rzayevin xatirəsi anılıb VİDEO

Beyləqan, 26 may, Aydın Yavərzadə, AZƏRTAC

Vətən müharibəsi şəhidi Rzayev Nurlan Usub oğlunun doğum günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Nurlan Rzayevin anım mərasimində şəhidin ailəsi ilə yanaşı, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, kənd məktəbinin kollektivi, Füzuli rayonunun axundu, döyüş yoldaşları, şəhid ailələri, l və II Qarabağ müharibələri qaziləri və kənd sakinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində Nurlanın şərəfli ömür yoluna nəzər salınıb, döyüşlərdə göstərdiyi şücaətdən danışılıb. Bildirilib ki, Nurlan 1991-ci il mayın 23-də Füzuli rayonunun Aşağı Veysəlli kəndində dünyaya göz açıb. Hələ iki yaşında olarkən ailəsi ilə birlikdə doğma yurdundan məcburi köçkün düşərək Beyləqan şəhərində məskunlaşıb. Vətən həsrətinin nə olduğunu yeniyetmə çağlarından anlayan Nurlan 2014-cü ildə hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb. Vətən müharibəsi başlanan tarixdən könüllü olaraq ordu sıralarına qatılıb və Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. İşğal altında olan torpaqlarımızın azad olunmasında böyük fədakarlıq göstərib. Oktyabrın 17-də Qubadlı rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib və Beyləqan rayonunun Şəfəq qəsəbəsi qəbiristanlığında dəfn edilib.

Nurlan Rzayev döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, şəhid Nurlan Rzayev atası Usub Rzayev I Qarabağ müharibəsinin iştirakçısı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.