CƏMİYYƏT
Azərbaycan Televiziyasının bir qrup əməkdaşı Türkiyədə təcrübə keçib VİDEO
Ankara, 4 iyun, AZƏRTAC
Azərbaycan Televiziyasının (AZTV) bir qrup əməkdaşı Türkiyənin Radio Televiziya Verilişləri Şirkətində (TRT) təcrübə keçib. Televiziyanın 6 əməkdaşı (müxbir, sosial media mütəxəssisi, rejissor, operator, işıqçı, montajçı) iki həftə ərzində Ankaradakı təlimlərdə iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Televiziyasının əməkdaşlarının TRT-dəki ikihəftəlik təcrübəsi proqramının başa çatması ilə əlaqədar layihəyə dəstək verən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyində (TİKA) tədbir keçirilib. İki qardaş ölkənin televiziya qurumları arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilən layihənin nəticələri yüksək qiymətləndirilib, qarşılıqlı təcrübə mübadiləsinin bundan sonra da davam edəcəyi bildirilib.
Tədbirdə təlim və təcrübə mübadiləsi proqramlarının hər iki televiziya üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Sonra təlimin iştirakçılarına sertifikatlar təqdim edilib.
Daha sonra tədbir iştirakçılarına TİKA-nın beynəlxalq dəstək və təcrübə mübadiləsi sahəsindəki fəaliyyəti haqqında ətraflı məlumat verilib. Azərbaycanın media sahəsindəki proqramlardan ən fəal istifadə edən ölkə olduğu vurğulanıb.
Tədbir iştirakçıları təlimlərin nəticələrinin uğurlu olduğunu və bu sahədəki əməkdaşlığın bundan sonra da davam edəcəyinə inandıqlarını bildiriblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara