CƏMİYYƏT
Xətai rayonunda 263 nömrəli tam orta məktəb kompleksi istifadəyə verilib VİDEO



























Bakı, 20 sentyabr, AZƏRTAC
Yeni tədris ilində Bakı şəhəri Xətai rayonunda yerləşən 263 nömrəli tam orta məktəb kompleksi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” müvafiq sərəncamlarının icrası ilə əlaqədar bu məktəbin köhnə binası sökülərək yeni kompleks inşa edilib. Yeni bina 4 mərtəbəli, 2256 şagird yerlikdir.
Məktəbin ərazisi 20 min 681 kvadratmetr, kompleksin ümumi sahəsi 17 min 701 kvadratmetrdir.
Təhsil müəssisəsində 78 sinif otağı, 2 informatika, 2 kimya laboratoriyası, 2 fizika laboratoriyası, 2 biologiya laboratoriyası, 1 hərbi otaq, 2 əmək otağı, 10 (yarımqrup üçün) xarici dil otaqları, geniş kitabxana, yeməkxana akt zalı, idman zalı, tibb otağı, müəllimlər üçün otaqlar, texniki otaqlar yaradılıb. İstilik xətləri yenidən qurulub, yeni qazanxana tikilib. İki su anbarı yaradılıb. Məktəb lazımi mebel, ləvazimat və inventarlarla, dərsliklərlə tam təmin edilib.
Məktəbin ətraf ərazisi abadlaşdırılıb, məktəbə uzanan yollar asfaltlanıb, yaxınlıqdakı həyətlərdə istirahət guşələri yaradılıb və idman qurğuları quraşdırılıb.
Qeyd edək ki, təhsil müəssisələrinin işinin, tədris proqramlarının müasir çağırışlara uyğunlaşdırılması, müasir əmək bazarına uyğun kadr potensialının formalaşdırılması dövlətimizin prioritetləri sırasındadır. Müasir məktəblərin tikilərək istifadəyə verilməsi, təhsil müəssisələrində bərpa və yenidənqurma işlərinin ardıcıl xarakter alması da bu prosesin tərkib hissəsidir. Bu strategiyaya Heydər Əliyev Fondu da 2005-ci ildən icra olunan “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı ilə davamlı şəkildə dəstək verir.