FHN yaşayış massivində şərti yanğın təlimi keçirib VİDEO
Bakı, 9 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri paytaxtın Binəqədi rayonunun 9-cu mikrorayon Adil Məmmədov küçəsi 11 ünvanında yerləşən “AMK İNŞAAT”-a məxsus çoxmərtəbəli yaşayış kompleksində təlim keçirib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.
Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi və süni maneə səbəbindən yanğın avtomobillərinin yaşayış binasına və istismara yararlı yanğına qarşı su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi müəyyənləşdirilib.
Qeyd olunan nöqsanların aradan qaldırılması barədə binanın yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı “tapşırıqlar” verilib. Eyni zamanda yaşayış binasının sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb. Diqqətə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.