CƏMİYYƏT
Moldovadakı Azərbaycan diasporu Novruz bayramını qeyd edir VİDEO









Kişineu, 21 mart, AZƏRTAC
Moldova Azərbaycanlıları Konqresi Kişineuda Azərbaycanın ən qədim və sevimli milli bayramlarından birinə — yazın və yeni ilin müjdəçisi olan Novruz bayramına həsr olunmuş təntənəli tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, bayram tədbirində Moldova Azərbaycanlıları Konqresinin üzvləri və 450-dən çox qonaq iştirak edib. Onların arasında – Moldovada Azərbaycan icmasının üzvləri, həmçinin rəsmi şəxslər: Moldova Respublikası Parlamentinin sədr müavini Mixay Popşoy, deputat Vitaliye Jakot, Azərbaycanın Moldova Respublikasındakı səfirliyinin 1-ci katibi İlqar Fərəcov, miqrasiya və sığınacaqları məsələləri üzrə Büronun direktoru Mixail Vode, Moldovanın Ukrayna icmasının sədri Vitali Mruq, Moldova Respublikası Qaqauz icmasının sədri Nikolay Terzi, Yəhudi icmasının sədr müavini Şabatay Xanukayev, Moldovadakı Belarus mədəni mərkəzinin sədri Anna Babina vardı.
Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov bayram tədbirini açaraq deyib: “Novruz Azərbaycan xalqının milli və mənəvi dəyərləri arasında xüsusi yer tutur. Ənənəyə görə, bu bayram ailəvi şəkildə qeyd edilir. Moldova Azərbaycanlıları Konqresi həmişə çalışıb və bundan sonra da çalışacaq ki, bizim burada, Moldovadakı diasporumuz bir ailə kimi mehriban olsun, şad günümüzdə də, çətinliyə düşəndə də bir yerdə olaq, çünki birlikdə biz daha güclüyük”.
Bu sözlər Moldovada ən sıx birləşmiş və sosial cəhətdən ən aktiv icmalardan biri olan Azərbaycan icmasının konkret işləri ilə də təsdiq edilir. Bu ölkədə yaşayan azərbaycanlılar səylə işləməyi bacardıqları kimi, məmnuniyyətlə dincəlməyi də bacarırlar. Novruz bayramının necə qeyd edilməsini görən hər kəs buna əmin oldu: tədbirin zəngin proqramı böyüklərin də xoşuna gəldi, uşaqların da.
Tədbirdə həmçinin Mixay Popşoy, İlqar Fərıcov, Vitali Jakot və Azərbaycan icmasının ağsaqqalı Maarif Rəhimov çıxış etdi.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu