CƏMİYYƏT
Şəhid-jurnalist Məhərrəm İbrahimovun AZƏRTAC-da anım mərasimi keçirilib VİDEO
Bakı, 4 iyun, AZƏRTAC
Taledən onun qismətinə cəmi 39 il yaşamaq düşdü. Onun ömrünün 40-cı qapısı həmişə bağlı qalacaq...
Yaşasaydı, indi 41 yaşı olacaqdı... Çox təəssüf ki, həmin yaşa çata bilmədi, əvəzində əbədiyyət ömrü qazandı.
AZƏRTAC xəbər verir ki, bu barədə 2021-ci il iyunun 4-də erməni işğalından azad edilmiş Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində peşə fəaliyyətini yerinə yetirirkən minaya düşərək şəhid olan cəbhə müxbiri Məhərrəm İbrahimovun anım mərasimində bəhs olunub.
Əvvəlcə Məhərrəmin AZƏRTAC-dakı xatirə guşəsinin önünə gül dəstələri düzülüb, torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Mərasimdə çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev 22 yaşından müxbirlik fəaliyyətinə başlayan şəhid-həmkarımızın keçdiyi həyat yolu, insani keyfiyyətləri haqqında danışıb. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi dövründə AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş əməkdaşları düşmən atəşi altında gecə-gündüz çəkilişlər aparıblar. Müharibə başa çatdıqdan sonra azad edilmiş torpaqlarda aylarla çalışan çəkiliş qrupunun üzvləri kəndbəkənd, evbəev gəzərək Ermənistan silahlı dəstələrinin işğal altındakı ərazilərdə törətdikləri vəhşilikləri qeydə alırdılar. Erməni vandalizminin, viran edilmiş yurd yerlərinin görüntülərini foto və videokameranın yaddaşına köçürərək arxivləşdirirdilər. Bu işdə Məhərrəm İbrahimovun xüsusilə böyük əməyi olub. Prezident İlham Əliyevin Sərəncamı ilə şəhid jurnalist Məhərrəm İbrahimov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov çıxış edərək deyib ki, Məhərrəm Vətən müharibəsinin ilk günündən cəbhəyanı bölgələrə ezam edilib və şəhid olduğu günədək fəaliyyətini davam etdirib. O, işğaldan azad edilmiş Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər ərazilərdə düşmənin viran qoyduğu şəhərlərdən, qəsəbələrdən, kəndlərdə reportajlar hazırlayıb göndərirdi. Məhərrəm hərbi jurnalist kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirirdi. Onun işə münasibəti, məsuliyyət hissi, peşə fəaliyyəti gənc jurnalistlər üçün əsl örnəkdir.
Mərasimdə şəhid-jurnalistin həmkarları adından çıxış edən Elvin Mövsümov, Gözəl Ağayeva, Abdulla Suvar, Səxavət Quliyev və başqaları Məhərrəmlə bağlı xatirələrini bölüşüblər.
Sonra kollektivin üzvlərindən bir qrupu şəhid jurnalist Məhərrəm İbrahimovun Müşfiqabad qəsəbə qəbiristanlığındakı məzarını ziyarət edib. İş yoldaşları Məhərrəmin xatirəsini ehtiramla anıb, məzarı önünə AZƏRTAC-ın kollektivi adından əklil qoyub, gül dəstələri düzüblər. Qeyd edilib ki, Məhərrəm İbrahimov yaddaşlarda əbədi yaşayacaq, onun peşəkar müxbir kimi gördüyü işlər heç vaxt unudulmayacaq.