REGİONLAR
Sertifikatlaşdırma imtahanları Qarabağ regionunda iki mərkəzdə təşkil olunub VİDEO















Bərdə, 24 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu gün dövlət ümumi təhsil müəssisələrində çalışan Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçirilib. Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələri üzrə test imtahanları iki mərkəzdə - Ağcabədi şəhər 11 nömrəli və Bərdə şəhər 3 nömrəli tam orta məktəblərdə təşkil edilib.
Bərdədə keçirilən imtahanda 452 nəfər, Ağcabədidə keçirilən imtahanda isə 299 nəfər müəllim qeydiyyatdan keçib. Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov prosesi izləyib, sertifikasiyada iştirak edən müəllimlərə uğurlar arzulayıb.
AZƏRTAC-ın müxbiri imtahanda iştirak edən müəllimlərin təəssüratlarını öyrənib. Ağdam rayon 18 nömrəli köçkün tam orta məktəbin müəllimi Arzu Bağırova: “İmtahan çox şəffaf, obyektiv keçdi. Əslində ən yüksək bal gözləyirdim. Bir az həyəcanlı idim. Yenə də 52 bal topladım. Digər müəllimlərə uğurlar arzulayıram”.
Tərtər rayon Şıxarx 1 nömrəli tam orta məktəbin müəllimi Rəşad Allahverdiyev: “İmtahandan razıyam. 56 bal topladım. İxtisas sualları gözlədiyimdən asan idi. 4 səhv cavab kurikulumdan olub. Müəllimlərə uğurlar arzulayıram”.
Kəlbəcər rayon 125 nömrəli məktəbin müəllimi Aynurə Əliyeva: “İmtahan gözlədiyim kimi oldu. 55-60 bal arası gözləyirdim, 57 topladım. İxtisas sualları asan idi. Bəzi çətin, düşündürücü suallar var idi. Kurikulum sualları bir qədər çətin idi”.
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir. Test imtahanında azı 30 bal toplamış müəllim sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaq.
Müsahibə mərhələsində uğur qazanan müəllimlərin vəzifə maaşına 10 faiz, test imtahanında 51 və daha artıq bal toplayıb müsahibə mərhələsində uğur qazanan şəxslərin vəzifə maaşına isə 35 faiz əlavə ediləcək. Əlavələr sentyabr ayından tətbiq olunacaq.