III Avropa Oyunları: Boksçumuz Murad Allahverdiyev səkkizdəbir finala yüksəlib VİDEO
Novı Tarq, 24 iyun, AZƏRTAC
Azərbaycan boksçusu Murad Allahverdiyev Polşada keçirilən III Avropa Oyunlarına qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, turnirdə 80 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü 1/16 final mərhələsi çərçivəsində Kevin Şumannla (Almaniya) qarşılaşıb.
Döyüş M.Allahverdiyevin qələbəsi ilə yekunlaşıb. İlk 2 raundu aktivinə yazan boksçumuz üçüncü hissədə tam üstünlüklə qalib gəlib.
Boksçumuz səkkizdəbir final döyüşünə iyunun 26-da çıxacaq.
Qeyd edək ki, axşam seansında daha 1 boksçumuz mübarizəyə qoşulacaq. Alfonso Dominqes (92 kq) Yan Zakla (İsrail) münasibətinə aydınlıq gətirəcək.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.