Ağsuda baş verən yanğının qəsdən törədildiyi müəyyənləşib VİDEO
Bakı, 21 iyul, AZƏRTAC
İyulun 18-də Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağsu rayonunun Ərəbsərvan kəndində vətəndaşa məxsus həyətyanı sahədə yanğın baş verməsi və ətraf üçün təhlükənin yaranması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə və yaxınlıqdakı fərdi yaşayış evlərinə, həyətyanı sahələrə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub. Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin Şahzadə Şahlar oğlu Əhmədov tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib.
Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.