İQTİSADİYYAT
Azərbaycanda “Kibertəhlükəsizlik günləri”nə start verilib VİDEO



Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də Bakıda Beynəlxalq Kibertəhlükəsizlik Günlərinə (“ICSD 2023”) həsr edilmiş “Rəqəmsal iqtisadiyyatlar və kibertəhlükəsizlik” konfransı işə başlayıb. Konfrans Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə “PROSOL” şirkətinin birgə təşkilatçılığı ilə keçirilir.
AZƏRTAC xəbər verir ki, “Prosol” şirkətinin İdarə Heyətinin sədri Babək Ağayev çıxış edərək getdikcə aktuallaşan və həyatımızın ayrılmaz hissəsinə çevrilən kibertəhlükəsizlik məsələlərinin müzakirə olunduğu tədbirin əhəmiyyətindən danışıb. “Kibertəhlükəsizlik günləri” tədbirinin artıq üçüncü ildir ki, Bakıda keçirilməsi bizim üçün böyük uğurdur. Bu il tədbir çərçivəsində 8 panel müzakirəsində 66 spiker çıxış edəcək.
Eyni zamanda sentyabrın 22-də tədbir çərçivəsində "Taxt oyunları" formatında kibermüharibə formatında yarış keçiriləcək", - deyə Babək Ağayev bildirib.
B.Ağayev qeyd edib ki, konfransda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli və xarici mütəxəssislərin, həmçinin dövlət qurumları, özəl müəssisəsə və təşkilatlarda bu sahəyə cavabdeh olan şəxslər iştirak edirlər.
Konfransın açılış mərasimində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini, general-mayor Allahverən İsmayılov, “PROSOL” şirkətinin İdarə heyətinin sədri Babək Ağayev, İsrail Dövlətinin keçmiş Baş naziri Ehud Olmert, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auld və İsrailin Azərbaycandakı səfiri Corc Dik çıxış ediblər.
Konfransın ilk günündə kibertəhlükəsizliyin aktual problemləri və çağırışları üzrə dörd panel müzakirəsi aparılır.
Qeyd edək ki, üç gün davam edəcək tədbirdə İsrailin, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığın nümayəndələri də qatılıblar.