Quba sakininə məxsus iribuynuzlu heyvanların tələf olması səbəbi araşdırılır VİDEO
Quba, 11 dekabr, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun Xucbala kəndində Elnur Mirzəyevə məxsus təsərrüfatda 3 baş iribuynuzlu heyvan naməlum səbəbdən tələf olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təsərrüfat sahibi axşam heyvanları yemlədikdən sonra işığı söndürərək tövləni tərk edib. Səhər tövləyə gələndə isə heyvanları ölmüş vəziyyətdə görüb.
Əraziyə baytarlar gəlib, ölmüş heyvanlardan müvafiq nümunələr götürülüb. Mütəxəssislər iribuynuzlu heyvanların ilkin ehtimal olaraq, elektrik cərəyanı vurması nəticəsində tələf olduğunu açıqlayıb. Təsərrüfat sahibi isə gecə saatlarında tövlədə elektrik cərəyanı olmadığını bildirir. Heyvanların ölümünün dəqiq səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.
İribuynuzlu heyvanlar Elnur Mirzəyevə Dövlət Məşğulluq Xidməti tərəfindən 3 il öncə verilib.