İstanbulda ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib VİDEO






İstanbul, 12 dekabr, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar dekabrın 12-də İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, İstanbulun Sarıyer bələdiyyəsinin sədri Şükrü Genc, qardaş ölkədə təhsil alan və təlimdə olan hərbçilərimiz, Sarıyer bələdiyyəsinin, konsulluğun və Türkiyədə fəaliyyət göstərən Azərbaycanın dövlət təşkilatlarının əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, KİV və QHT nümayəndələri iştirak ediblər.
Anım mərasimində çıxış edən baş konsul Nərminə Mustafayeva Heydər Əliyevin yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyasının əvəzedilməz, dahi şəxsiyyəti olduğunu deyib.
“Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ən çətin dövründə atdığı addımlar bugünkü güclü Azərbaycanın əsas təməlləridir”, - deyə konsul bildirib.
Şükrü Genç Ümummilli Lider Heydər Əliyevin Türk birliyi üçün ayrı bir yeri olduğunu qeyd edib.
Anım tədbirində Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə əklillər və gül dəstələri qoyulub.
Tədbir iştirakçıları Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün bu ərazidəki büstünü də ziyarət edərək, önünə gül dəstələri qoyublar.