Zabux kəndinin 1 əsrə yaxın yaşı olan məktəbi yenidən fəaliyyətə başlayıb FOTOREPORTAJ VİDEO
Laçın, 13 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Həyatın yenidən canlandığı Laçın rayon Zabux kəndinin bir əsrə yaxın yaşı olan məktəbi yeni binada fəaliyyətə başlayıb. Kənddə 31 ildən sonra ilk dəfə məktəb zənginin sədaları ətrafa yayılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zabux kəndində şəhid Ədalət Məmmədov adına kənd tam orta məktəbinin fəaliyyətə başlaması ilə əlaqədar tədbir təşkil edilib. Tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin, hüquq-mühafizə orqanlarının, Zabux kənd icra nümayəndəliyinin rəsmiləri, kənd sakinləri, məktəb kollektivi iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi anılıb.
Çıxışlar zamanı bildirilib ki, işğaldan azad olunan ərazilərdə artıq həyat canlanmağa başlayıb. Ölkə rəhbərinin diqqət və qayğısı nəticəsində qısa zaman kəsiyində digər ərazilərdə olduğu kimi, Laçında da irimiqyaslı tikinti-quruculuq işləri yerinə yetirilir. Zabux kəndində də sakinlərin məskunlaşması üçün yenidən evlər inşa olunub və infrastruktur yaradılıb. Kənddə məktəbin fəaliyyətə başlamasının əlamətdar hadisə olduğu vurğulanıb. Çıxış edənlər məktəb kollektivini təbrik edərək, onlara uğurlar arzulayıblar.
Zabux kənd məktəbinin direktoru Mübariz Rüstəmov AZƏRTAC-a açıqlamasında bildirib ki, kənddə məktəb ilk dəfə 1926-cı ildə fəaliyyətə başlayıb, həmin məktəbin şagirdləri müxtəlif peşə və sənət sahibləri olublar. Lakin 1992-ci ildə Laçının Ermənistan tərəfindən işğalı zamanı kənd tamamilə dağıdılıb, məktəb binası da yerlə-yeksan edilib. “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Ordumuzun sayəsində torpaqlarımız nəhayət, azad edildi. Böyük Qayıdış çərçivəsində doğma yurdumuza qovuşduq. Bizlər üçün daha bir tarixi gün yaşandı. 97 yaşlı məktəbimiz yenidən fəaliyyətə başladı. Burada şagirdlərimizin təhsil alması üçün bütün şərait yaradılıb. Məktəb kollektivi adından bir daha Prezidentimizə təşəkkür edirik ki, bizlər yenidən doğma elimizə qovuşmuşuq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm”, - deyə məktəb direktoru söyləyib.
İki mərtəbədən ibarət olan məktəb 176 şagird yerlikdir. Binada 11 sinif otağı, kimya, fizika laboratoriya otaqları, informatika kabineti, yeməkxana, tibb otağı, akt və gimnastika zalları, hərbi hazırlıq kabineti, kitabxana, həyətdə isə idman meydançası var.
Məktəbin dayanıqlı istilik və elektriklə təchizatı üçün qazanxana və transformator quraşdırılıb, su təminatı üçün anbar inşa olunub. Hazırda məktəb 40 şagird və 17 müəllimlə tədrisə başlayıb.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il sentyabrın 22-də Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdı.