Gəncədə məktəblini bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb YENİLƏNİB VİDEO
Bakı, 23 yanvar, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2007-ci il təvəllüdlü R.Rəhimova kəsici-deşici alətlə xəsarət yetirilərək öldürülməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov AZƏRTAC-a bildirib ki, məlumatla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçiriblər.
Qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F.Şabanov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa cəlb olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
10:28
Yanvarın 23-də Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında həmin məktəbin şagirdi bıçaqla xəsarət yetirilərək öldürülüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri hərəkətlər yerinə yetirilir.
Fakta görə Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyənləşdirilərək saxlanılması istiqamətində prokurorluq və polis əməkdaşları təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparırlar.
Onun nəticəsi barədə əlavə məlumat veriləcək.