Yüksək nəticə göstərən şagird: Uğur əldə etmək üçün nizam-intizamlı olmaq mütləqdir FOTO VİDEO
Biləsuvar, 21 may, İlkin Adıyev, AZƏRTAC
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə martın 17-də keçirilən buraxılış imtahanında iştirakçılar arasında yüksək nəticə göstərən şagirdlərdən biri də Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Biləsuvar şəhər N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbin şagirdi Ağazadə Xədiceyi-Kübra Cəmaləddin qızıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, o, buraxılış imtahanında 293,1 bal toplamaqla, region üzrə ən yüksək nəticə əldə edib.
Ağazadə Xədiceyi-Kübranın uğurları bununla bitmir. O, "Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi"nin növbəti mərhələsində ölkə üzrə üçüncü yerə yüksələrək bürünc medala da sahib olub.
“Xədiceyi-Kübra ilk gündən özünün bacarığı, savadı və nitq qabiliyyəti ilə mənim diqqətimi cəlb edib. Onun əsas üstünlüyü bütün dərslərə eyni səviyyədə maraq göstərməsidir. O, əzmkarlığı və çalışqanlığı ilə hər zaman digər şagirdlərdən fərqlənir. Onun buraxılış imtahanında region üzrə ən çox bal yığması, “Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi"ndə ölkə üzrə 3-cü yerə çıxması, “Qərbi Azərbaycana qayıdış” Olimpiadasında növbəti mərhələyə vəsiqə qazanması biz müəllimləri çox sevindirir. İnanıram ki, yüksək bal toplayan şagirdimiz gələcəkdə də bizi sevindirəcək”, - deyə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Babayeva bildirib.
Xədiceyi-Kübra nəticələrinin yüksək olmasında müəllimlərinin rolunun böyük olduğunu vurğulayıb: “Müəllimlərimin hər birinə minnətdarlığımı bildirirəm. Üzərimdə çoxlu zəhmətləri var. Həm müəllim heyəti, həm də rəhbərlik hər zaman mənə dəstək olub. İmtahanda uğur əldə etmək üçün nizam-intizamlı olmaq mütləqdir. İlk növbədə vaxtını düzgün bölməlisən ki, bütün dərslərə zaman ayıra biləsən. Bundan əlavə, telefondan və sosial şəbəkələrdən mütləq uzaq durmalısan. Uşaqlıqdan qarşıma bir məqsəd qoymuşam - həkim olacağam. Ailəmizdə bibim həkim olduğu üçün bu sahəyə hədsiz marağım var. Amalım və məqsədim həkim olub insanlara yardım etməkdir”.