Mixail Qusman: İnformasiya müharibələri siyasi rejimdən asılı olmayaraq bütün ölkələrdə rast gəlinən fenomendir VİDEO
Şuşa, 21 iyul, Hikmət Əhmədov, Leyla Muradzadə, AZƏRTAC
İnformasiya müharibələri siyasi rejimdən asılı olmayaraq bütün ölkələrə xas bir fenomendir. Bəzi ölkələr daha fəal fazadadır, bəziləri isə yox. Aktiv müharibələrdən fərqli olaraq informasiya müharibələri heç vaxt dayanmır. Biz həmişə onlarla mübarizə aparmalıyıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək” adlı panel müzakirədə söyləyib.
Saxta məlumatları özlüyündə bir informasiya silahı adlandıran Mixail Qusman əlavə edib: “Bu gün çox sayda insan yığcam məlumatları telefon vasitəsilə alır. Lakin bu vəziyyətə hazır olmayan cəmiyyətdə feyk xəbərlər düzgün məlumat kimi qəbul edilir. Ona görə də xəbər agentlikləri təbliğatı işıqlandırmamalıdırlar, onların yeganə silahı həqiqi məlumatı yaymaq olmalıdır”.