AZƏRTAC-ın İdarə Heyətinin sədri: Texnologiyalar inkişaf etdikcə feyk xəbər problemi özünü ən asan və sürətli formalarda büruzə verir VİDEO
Şuşa, 21 iyul, H.Əhmədov, L.Muradzadə, AZƏRTAC
Təsdiqlənmiş xəbərlərə böyük ehtiyac yaranıb. Sosial media vasitəsilə daha da vüsət alan feyk xəbər problemi texnologiyalar inkişaf etdikcə özünü ən asan və sürətli formalarda büruzə verir.
Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin 1-ci iclasında çıxışı zamanı bildirib.
Müasir dövrdə dezinformasiya və feyk xəbərlərlə mübarizənin medianın əsas fəaliyyət istiqamətlərindən birinə çevrildiyini deyən Vüqar Əliyev Şuşa Qlobal Forumunun əsas mövzusunun buna həsr edilməsinin heç də təsadüfi olmadığını vurğulayıb. “Bu baxımdan medianın diqqətində süni intellektin yaratdığı feyk xəbərlərlə mübarizə dayanır. Son bir ildə süni intellekt əsasında yüzlərlə proqram tətbiqləri istifadəyə verilib ki, onların köməyi ilə foto, video və istənilən mətnləri yaratmaq olur. Bunun üçün isə proqram tətbiqinə lazımi parametrləri daxil etmək kifayətdir. Bunları nəzərə alaraq bizim belə təhlükələrə hazır olmağımız zəruridir. ATNA bizim jurnalistlər üçün bir akademiyaya da çevrilə bilər", - deyə İdarə Heyətinin sədri qeyd edib.