MENA-nın baş redaktoru: Bizim öz baxışımızı aydınlaşdırmaq üçün Şuşa Forumu kimi tədbirlərə ciddi ehtiyacımız var VİDEO
Şuşa, 21 iyul, AZƏRTAC
Bizim öz baxışımızı aydınlaşdırmaq üçün bu cür tədbirlərə ciddi ehtiyacımız var. Bizim fikirlərimiz Qərb mediası tərəfindən nəzərə alınmır. Buna görə də öz problemlərimizə tənqidi fikir bildirmək üçün vahid səsə sahib olmalıyıq, çünki problemin həll yolu düzgün, vahid xəbər axınıdır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində 2-ci Şuşa Qlobal Media Forumunda iştirak edən Misirin Yaxın Şərq Xəbər Agentliyinin (MENA) baş redaktoru Tarek Abdel Qaffar deyib.
Bu tədbirə ilk dəfə qatıldığını bildirən qonaq Azərbaycanın və digər inkişaf etməkdə olan ölkələrin öz problemlərini həll etmək, baxışlarına aydınlıq gətirmək üçün bu Forumun vacib platforma olduğunu vurğulayıb.
“İnamsızlıq məlumatların etibarlı mənbələrdən olmamasından irəli gəlir, çünki bəzən jurnalistlərin informasiyaya əlçatanlığı olmur, yaxud rəsmi mənbə danışmır və ya reallığı demir. Odur ki, inkişaf etməkdə olan ölkələrdə rəsmi mediaya inamsızlıq yaranıb. Buna görə də hadisələri işıqlandırmaqda yolumuzu itiririk. Bu etimadı bərpa etmək üçün xalqla milli və rəsmi media arasında məlumatlara sərbəst giriş verməliyik. Bu məlumatların əldə edilməsi sosial mediaya və sadəcə, mənbələrə sərbəst çıxış verə bilər”,- deyə Tarek Abdel Qaffar diqqətə çatdırıb.