Şahin Bayramov: Klinikada tibb təhsili, tədqiqatların aparılması və xidmətlərin göstərilməsi nəzərdə tutulub VİDEO
Xankəndi, 11 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Qarabağ Universitetinin Klinikasında tibb sahəsində təhsilin həyata keçirilməsi, tədqiqatların aparılması və bölgədə tibb xidmətlərinin göstərilməsi nəzərdə tutulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov “Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Ş.Bayramov bildirib ki, konfrans altı ölkədən 70-dən çox iştirakçını əhatə edir: “İstəyimiz odur ki, tibb təhsilinin, tibb sahəsində tədqiqatların və tibb xidmətlərinin göstərilməsində təcrübəmizi inkişaf etdirək, bu sahədə olan beynəlxalq təcrübədən faydalanaraq Qarabağ Universitetində Tibb fakültəsinin qurulması istiqamətindəki fəaliyyətimizi gücləndirək. Konfrans çərçivəsində qonaqlara Qarabağ Universiteti, klinikanın məqsədləri, gözləntilər barədə məlumat verdik. Məqsədimiz tədris prosesinin məzmununun qurulması, tibb təhsili sahəsində kurikulumların məzmunun hazırlanması, tibb təhsili texnologiyaların tətbiq olunması, gələcəkdə aparılacaq tədqiqatların müəyyən edilməsi və bölgəyə göstərəcəyimiz tibb xidmətlərinin aparılması ilə bağlı hazırlıq işlərinin həyata keçirilməsidir. Konfrans çox yaxşı platformadır ki, klinika quruculuğu istiqamətində istədiyimiz addımları ata bilək”.