Ahmet Berat Çonkar: Məqsədimiz gündəlik qaz hasilatını 40 milyon kubmetrə çatdırmaqdır VİDEO
Bakı, 3 iyun, AZƏRTAC
Türkiyə 2053-cü ilə kimi 0 emissiya ilə bağlı öhdəlik götürüb.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər nazirinin müavini Ahmet Berat Çonkar Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, qarşıya 2035-ci ilə qədər bərpaolunan enerji istehsalını 30 giqavatdan 120 giqavata qədər artırmaq hədəfi qoyulub ki, buna da 100 milyard dollardan çox investisiya tələb olunur.
“İlk nüvə stansiyasını istismara verəcəyik. Türkiyə idxal olunan enerji asılılığını azaltmaqdadır. Somalidə seysmik kəşfiyyat işlərimiz tamamlanmaq üzrədir. Türkiyə gündəlik 9,5 milyon kubmetr qaz hasil edir. “Osman qazi” yatağında gündəlik hasilatın 11 milyon kubmetr olacağı planlaşdırılır. Türkiyənin məqsədi qaz hasilatını gündəlik 40 milyon kubmetrə çatdırmaqdır”,- deyə nazir bildirib.