Xaçmazda keçirilən festivalda Qərbi Azərbaycanın mədəniyyəti təbliğ olunub VİDEO
Xaçmaz, 5 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda “Konstitusiya və suverenlik ili” çərçivəsində rayon icra hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan - Yurd yerimiz” adlı festival keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəfər parkında təşkil olunan festivalda Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli, millət vəkilləri, ziyalılar, icma üzvləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.
Festival çərçivəsində qonaqlar Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, mətbəxini özündə əks etdirən sərgi ilə tanış olub, aşıq el sənəti, yallı nümunələri və Qərbi Azərbaycana aid bədii qiraət nümunələrindən ibarət kompozisiyalara baxıblar.
Şimal bölgəsi və Xaçmaz rayonunun tarixi, mədəniyyəti, məişəti, kulinariyası, əhalisinin həyat tərzi, məşğulluğu və adət-ənənələrini əks etdirən nümunələrlə tanışlıq olub, rayonda istehsal edilən məhsulların sərgisinə baxış keçirilib. Festival iştirakçılarına məlumat verilib ki, Xaçmaz rayonunda bağçılıq geniş inkişaf edib. Bağlarda əsasən gilas, şaftalı, alma və digər meyvələr yetişdirilir. Rayonda yeni yaradılan emal və istehsal müəssisələri sahibkarlığın inkişafına təkan verməklə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır.
Festivalda tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.