Dövlət Agentliyinin rəisi: Sənaye təhlükəsizliyi artıq təkcə texniki məsələ deyil VİDEO
Bakı, 10 dekabr, AZƏRTAC
Rəqəmsal transformasiya, süni intellektin sürətli inkişafı, qlobal təchizat zəncirlərinin yenidən formalaşması və iqlim faktorlarının təsiri sənaye mühitində risklərin strukturunu tamamilə yenidən formalaşdırır. Bu reallıq bizdən daha çevik, qabaqcıl və məsuliyyətli qərarlar tələb edir.
AZƏRTAC xəbər verir ki, bunu Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev "Sənaye Təhlükəsizliyi Zirvəsi 2025" tədbirində bildirib.
Onun sözlərinə görə, hazırda dünya, sənaye və risklərin mahiyyəti dəyişir: "Sənaye təhlükəsizliyi artıq təkcə texniki məsələ deyil. O, milli təhlükəsizlik, iqtisadi dayanıqlıq və insan həyatının qorunmasının əsas sütunlarından biridir. Yeni dövrün təhlükəsizlik modeli rəqəmsal, öncədən xəbərdarlığa əsaslanan və real vaxtda reaksiya verən sistemlərdən ibarətdir. İnnovativ monitorinq qurğuları, süni intellekt əsaslı risk analizləri, avtomatlaşdırılmış istehsal prosesləri - bütün bunlar sənayenin gələcəyini müəyyənləşdirən əsas dayaqlardır. Bu transformasiyanın uğuru isə yalnız bir formada mümkündür: dövlət və özəl sektorun güclü, səmərəli və etibarlı tərəfdaşlığı".
Vüsal Ağayev qeyd edib ki, qarşıdakı illərdə bu istiqamətdə böyük və iddialı hədəflər var: "Bunlara təhlükəsizlik standartlarının beynəlxalq tələblərə uyğun yenilənməsi, peşəkar kadr potensialının gücləndirilməsi, rəqəmsal nəzarət infrastrukturunun genişləndirilməsi və ən vacibi, təhlükəsiz davranış mədəniyyətinin cəmiyyətin bütün qatlarında möhkəmləndirilməsi daxildir".