ASK: Qarabağda yaradılan unikal biznes imkanları iş adamları üçün yeni perspektivlər açır VİDEO
Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə qədəm qoyub və bu mərhələdə qeyri-neft sektorunun genişləndirilməsi istiqamətində həyata keçirilən islahatlar, investisiya təşviqi mexanizmləri, eləcə də Qarabağda yaradılan unikal biznes imkanları iş adamları üçün yeni perspektivlər açır, sahibkarlıq təşəbbüslərini daha da gücləndirir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev “Güc biznesdədir” devizi ilə keçirilən “Dayaq” mükafatının təqdim olunması mərasimində deyib.
O bildirib ki, qlobal çağırışların artdığı, iqtisadi münasibətlərin sürətlə dəyişdiyi bir dövrdə sahibkarlığın dayanıqlı olması, dövlətlə biznes arasında etimadlı dialoq və institusional əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.
“Biz inanırıq ki, sağlam iqtisadi mühit yalnız açıq dialoq, qarşılıqlı etimad və ortaq məsuliyyət üzərində qurula bilər. Bu dialoqun inkişafında konfederasiyanın ən yaxın və etibarlı tərəfdaşlarından biri Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (KOBİA). KOBİA-nın yarandığı gündən bu günə qədər keçdiyi inkişaf yolu, əldə etdiyi nailiyyətlər və sahibkarlar tərəfindən qazandığı etimad məni ikiqat sevindirir. Birgə fəaliyyətimiz sayəsində daha çevik mexanizmlər formalaşdırılıb, sahibkarların səsi daha operativ şəkildə qərarverici instansiyalara çatdırılıb”, - deyə ASK prezidenti vurğulayıb.