8 il ərzində Azərbaycanda əmək müqavilələrinin sayı 45 faiz artıb VİDEO
Bakı, 18 dekabr, AZƏRTAC
2018–2025-ci illər ərzində əmək müqavilələrinin sayı 45 faiz (və ya 595 min) artıb, bu artımın 92 faizi özəl sektorun payına düşüb. Həmin dövrdə ölkə üzrə əməkhaqqı fondu 3,2 dəfə, o cümlədən qeyri-dövlət sektoru üzrə 3,6 dəfə artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Güc biznesdədir” devizi ilə keçirilən “Dayaq” mükafatının təqdim olunması mərasimində deyib.
Nazir qeyd edib ki, əhalinin aktiv məşğulluğunun təmin edilməsi istiqamətində, müasir əmək bazarının çağırışlarına cavab olaraq, ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş 2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası əhalinin səmərəli məşğulluğunun təmin edilməsinə yönəlmiş uzunmüddətli dövlət məşğulluq siyasətinin əsasını təşkil edir.
“İslahatların başlandığı dövrdən etibarən nazirlik tərəfindən 2,1 milyondan çox şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilmişdir. Onlardan 823 min nəfəri işlə təmin olunmuş, 82 peşə istiqaməti üzrə 54 mindən çox şəxs peşə hazırlığına, 111 min nəfər isə özünüməşğulluq proqramına cəlb edilmişdir. Bundan əlavə, bu dövr ərzində 1,2 milyon şəxsə peşəyönümü məsləhət xidməti göstərilmişdir. Nazirlik tərəfindən həyata keçirilən ən mühüm sosial təşəbbüslərdən biri olan özünüməşğulluq proqramı çərçivəsində az təminatlı ailələrə fərdi təsərrüfatlar yaratmaq üçün müəyyən aktivlərin verilməsi ilə dəstək göstərilir. Proqramın əsas məqsədi ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşması, mikro və kiçik sahibkarlığın inkişafı, həmçinin ölkədə işsizlik səviyyəsinin azaldılmasıdır. Bu proqrama 2025-ci ilin 11 ayı ərzində Nazirlik tərəfindən 16,5 min nəfər cəlb olunmuşdur”, - deyə Anar Əliyev qeyd edib.