Rayon Fövqəladə Hallar Komissiyasının sədri: Lerikə yağan qar ciddi fəsadlara səbəb olmayıb VİDEO
Lerik, 6 yanvar, İlkin Adıyev, AZƏRTAC
Lerik rayonunda son günlər müşahidə olunan qarlı-şaxtalı hava ciddi fəsadlara yol açmayıb.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib.
Onun sözlərinə görə, müvafiq qurumlar tərəfindən qabaqlayıcı tədbirlər görülüb, əsas və kəndlərarası yollar nəzarətdə saxlanılıb. Sosial obyektlərin, təhsil və səhiyyə müəssisələrinin fəaliyyəti normal rejimdə davam edib.
“Rayon ərazisində bütün avtomobil yolları açıqdır. Elektrik enerjisi, qaz və su təchizatında hər hansı problem yaşanmayıb. Qarın daha çox yağdığı kəndlərdə də gündəlik həyat normal qaydada davam edir, səhiyyə və digər xidmət sahələrində çətinlik yaranmayıb”, - deyə H.Məlikov əlavə edib.
52 saylı Yol İstismar İdarəsinin ağır texnikaları cəlb olunmaqla yolların təmizlənməsi təmin edilib. Eyni zamanda, bələdiyyələrin və yerli icra nümayəndəliklərinin köməkliyi ilə bütün kəndlərarası avtomobil yolları açıq saxlanılıb və nəqliyyatın hərəkətində heç bir məhdudiyyət qeydə alınmayıb.
Qeyd edək ki, ötən günlərdə Lerik rayonunun bütün ərazisinə qar yağıb. Dağlıq ərazilərdə qarın qalınlığı 40 santimetrə, Lerik şəhərində isə 20–30 santimetrə çatıb. Hazırda hava mülayim olsa da, axşam saatlarında güclü şaxta müşahidə olunur. Rayon mərkəzində havanın temperaturu mənfi 5–6 dərəcə, dağlıq ərazilərdə isə mənfi 10–12 dərəcə təşkil edir.