İbrahim Yumaklı: İnkişaf etməkdə olan ölkələrin kənd təsərrüfatı potensialının gücləndirilməsi mühüm əhəmiyyət daşıyır VİDEO
Bakı, 6 may, AZƏRTAC
İnkişaf etməkdə olan ölkələrin kənd təsərrüfatı potensialının gücləndirilməsi, bilik və təcrübə mübadiləsi, eləcə də texniki dəstək mexanizmlərinin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı “İqlim, iqtisadi və təhlükəsizlik problemləri kontekstində ərzaq təhlükəsizliyi: regional perspektivlərin fərqləri və oxşarlıqları” adlı paneldə çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, yalnız milli texniki imkanların inkişafı kifayət etmir, eyni zamanda, ölkələrin öz təcrübələrini beynəlxalq miqyasda paylaşması və qlobal problemlərə həll yönümlü yanaşmalar təqdim etməsi vacibdir. İbrahim Yumaklı çıxışında üç əsas istiqaməti xüsusi vurğulayıb.
“Birincisi regional əməkdaşlıqların gücləndirilməsi, ikincisi kənd təsərrüfatında dayanıqlılığın artırılması, üçüncüsü isə ticarətin asanlaşdırılması və şaxələndirilməsidir. Bu istiqamətlərin davamlı şəkildə inkişaf etdirilməsi və əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi qlobal ərzaq təhlükəsizliyi baxımından mühüm rol oynayır”, - deyə türkiyəli nazir vurğulayıb.