Riqada Müstəqillik Günü münasibətilə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı və rəsmi qəbul keçirilib VİDEO
Bakı, 26 may, AZƏRTAC
28 May - Müstəqillik Günü münasibətilə mayın 25-də Riqada “Zuzeum” incəsənət muzeyində Heydər Əliyev Fondu və Azərbaycanın Latviyadakı səfirliyinin birgə təşkilatçılığı ilə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı və rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Latviyanın səhiyyə naziri Hosam Abu Meri, sabiq Prezidentlər Raymonds Veyones, Andris Berzinş və Valdis Zatlers, Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini-siyasi direktor İvars Lasis, Dövlət Gəlirlər Xidmətinin Baş direktoru Bayba Şmite-Roke, Milli Gömrük Şurasının direktoru Raymonds Zukuls, Seymin komitə rəhbərləri və üzvləri, Latviyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, yerli ictimai, mədəniyyət və işgüzar dairələrin təmsilçiləri, habelə Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov 28 May-Müstəqillik Günü və Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 108-ci ildönümünün qeyd edildiyini və bu münasibətlə MAMA “Ana Təbiət” beynəlxalq incəsənət sərgisinin təşkil olunduğunu diqqətə çatdırıb.
Səfir Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli və mürəkkəb yoldan danışaraq, onun mütərəqqi qanunlar qəbul etdiyini, qadınlara seçki hüququ verdiyini və güclü milli dövlətçilik şüuru yaratdığını qeyd edib. O, 1990-cı illərin əvvəlində böyük çətinliklər ilə qarşılaşan ölkəmiz müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin xilasedici missiyası və yorulmaz fəaliyyəti nəticəsində sabitlik və inkişaf yoluna qədəm qoyduğunu vurğulayıb. E.Sultanov ölkəmizin dinamik iqtisadi inkişafı barədə məlumat verərək, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dayanaqlı sülh, regional əməkdaşlıq, bağlantıların təşviq edilməsi və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində həyata keçirdiyi siyasətdən, həmçinin beynəlxalq arenada nüfuzunun artmasından da danışıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın ideya müəllifliyi ilə konseptual şəkildə hazırlanan MAMA “Ana Təbiət” beynəlxalq incəsənət sərgisindən söz açan diplomat deyib ki, Leyla Əliyevanın yaradıcı baxışı və ətraf mühitin qorunması naminə fəaliyyətindən ərsəyə gələn bu təşəbbüs Latviya da daxil olmaqla, dünyanın hər yerindən incəsənət nümayəndələrini bəşəriyyət və təbiət arasındakı əlaqəni əks etdirmək üçün bir araya gətirib.
E.Sultanov bu layihənin ərsəyə gətirilməsi və Latviyada həyata keçirilməsində göstərdiyi dəstəyə görə Leyla Əliyevaya dərin minnətdarlığını bildirərək, sərginin Latviyanın aparıcı muzeylərindən biri olan “Zuzeumda” təqdim olunmasından məmnunluğunu bildirib.
Latviyanın səhiyyə naziri Hosam Abu Meri hökuməti adından Azərbaycan xalqına Müstəqillik Günü münasibətilə səmimi təbriklərini çatdırıb. O, Leyla Əliyevanın layihənin konsepsiyasına qatdığı fəlsəfəni yüksək qiymətləndirib və nümayiş etdirilən əsərlərə heyran qaldığını bildirib.
“Zuzeum” incəsənət muzeyinin yaradıcısı Yanis Zuzans sərginin əhəmiyyətindən danışıb. O, bu sərginin iki ölkənin incəsənət xadimləri arasında yaradıcılıq əlaqələrinin möhkəmlənməsinə, Azərbaycanın Latviyada daha da tanıdılmasına və qlobal ətraf mühit problemlərinin həllin zəruriliyinə diqqətin cəlb edilməsinə xidmət edəcəyini söyləyib.
Tədbirin sonunda qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim edilib.
MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi “Zuzeum” incəsənət muzeyində avqustun 30-na kimi davam edəcək.