Amritsar hadisələrində zərərçəkənlər hələ də ədalətin bərqərar olmasını gözləyirlər VİDEO
Bakı, 3 iyun, AZƏRTAC
O gün minlərlə siqh zəvvar müqəddəs dini gün münasibətilə Qızıl Məbədə dua və ibadət üçün getmişdi. Lakin həmin vaxt Hindistan hökuməti məbədə və digər onlarla ibadət məkanına hərbi əməliyyat həyata keçirdi. Oradakı insanların böyük əksəriyyəti siyasətlə əlaqəsi olmayan adi zəvvarlar - analar, atalar, uşaqlar və yaşlı insanlar idi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Böyük Britaniya Siqh Federasiyasının üzvü Suxvinder Sinqh söyləyib.
O təəssüflə bildirib ki, baş verən zorakılıq və atışmalar nəticəsində minlərlə günahsız insan həyatını itirdi: "Bu gün biz onların xatirəsini yaşatmaq, həmin faciəni dünyaya çatdırmaq və mülki insanların itkisini unutmamaq üçün toplaşmışıq. Bir çox ailələr övladlarını, atalarını və yaxınlarını itirdi. Onlar yalnız siqh olduqları üçün bu hadisələrin qurbanına çevrildilər. Aradan 40 ildən çox vaxt keçməsinə baxmayaraq, zərərçəkənlər hələ də ədalətin bərqərar olmasını gözləyirlər".