Siqh icması müstəqil Xalistanın yaradılması uğrunda qətiyyətlə mübarizəsini davam etdirir VİDEO
Bakı, 3 iyun, AZƏRTAC
Siqh icması və xalqı 1849-cu ildə itirilmiş suverenliyini yenidən bərpa etmək üçün hələ də qətiyyətlə və əzmlə mübarizə aparır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Kanada Siqh Federasiyasının hüquq məsləhətçisi Virrinq Prabcot Sinqh söyləyib.
O bildirib ki, Hindistan dövləti hələ də siqh xalqına qarşı repressiyaları davam etdirir. 1984-cü Qızıl Məbədə edilən hücum onilliklər boyu davam edən zorakılığın, repressiyanın və assimilyasiya cəhdlərinin kulminasiyası idi və nəticədə bir soyqırımı ilə sona çatdı.
"Bu zorakılığa baxmayaraq, siqh icması bütün dünyada, o cümlədən diasporda siqh liderlərinə və fəallarına qarşı Hindistanın davam edən təhdidlərinə, təzyiqlərinə və sui-qəsd cəhdlərinə baxmayaraq, müstəqil Xalistanın yaradılması uğrunda qətiyyətlə mübarizəsini davam etdirir", - deyə Kanada Siqh Federasiyasının hüquq məsləhətçisi əlavə edib.