Maqbat Spanov: Orta Dəhlizin potensialından daha səmərəli istifadə üçün yeni əməkdaşlıq mexanizmləri formalaşdırıla bilər VİDEO
Bakı, 4 iyun, AZƏRTAC
Bakı–Tbilisi–Qars dəmir yolu xəttində həyata keçirilən modernləşdirmə nəticəsində xəttin yükötürmə qabiliyyətinin illik 1 milyon tondan 5 milyon tona yüksəldilməsi bütövlükdə Orta Dəhlizin tranzit imkanlarının genişlənməsində mühüm rol oynayacaq.
Bunu AZƏRTAC-a açıqlamasında qazaxıstanlı ekspert Maqbat Spanov bildirib.
Onun sözlərinə görə, hazırda Orta Dəhliz üzrə yükdaşımaların həcmi təxminən 6 milyon ton təşkil edir və Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi bu göstəricinin daha da artmasına şərait yaradacaq.
“Qazaxıstan Orta Dəhlizin inkişafına böyük əhəmiyyət verir və bu marşrutun potensialının artırılması istiqamətində ardıcıl addımlar atır. Bu da təsüdüfi deyil. Çünki, Orta Dəhliz ölkə üçün son dərəcə vacib istiqamətlərdən biri hesab olunur. Qazaxıstan öz logistika imkanlarını genişləndirərək gələcəkdə ölkə ərazisindən keçən yükdaşımaların həcmini təxminən 10 milyon tona çatdırmağı planlaşdırır”.
M.Spanov qeyd edib ki, beynəlxalq logistika marşrutları uğrunda rəqabət gələcək illərdə də davam edəcək və bu şəraitdə Azərbaycan və Qazaxıstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə etmək və yük axınlarının həcmini artırmaq üçün yeni əməkdaşlıq mexanizmləri formalaşdıra bilərlər.
Eksper hesab edir ki, Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi yalnız Azərbaycan və Qazaxıstan üçün deyil, bütövlükdə Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və bu Orta Dəhlizin beynəlxalq logistika sistemində rolunu daha da gücləndirəcək.