Azərbaycan–Litva dostluğuna və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir VİDEO
Bakı, 8 iyun, AZƏRTAC
Bakı şəhərində Azərbaycan və Litva arasında dostluq münasibətlərinə, ortaq tarixi yaddaşa və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş genişmiqyaslı ədəbi-bədii tədbir təşkil olunub. Tədbir Azərbaycan Yazıçılar Birliyi, Litvanın Azərbaycandakı səfirliyi və Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə baş tutub.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan və Litva Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə repressiya qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus, məktəbin direktoru Leyla Fətiyeva, Milli Məclisin deputatları və tarixçi alimlər, Mikayıl Müşfiq və Dilbər Axundzadənin ailə üzvləri çıxış edərək repressiya dövrünün tarixi dərslərindən danışıb, bu cür tədbirlərin gənc nəslin maarifləndirilməsində rolunu vurğulayıblar.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan və Litva xalqları tarix boyu oxşar talelər yaşayıb, xüsusilə XX əsrdə siyasi repressiyaların ağır nəticələri ilə üzləşib.
Tədbirdə Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid kimi repressiya qurbanı olan görkəmli ədiblərdən bəhs olunub, eyni zamanda, Litva tarixində repressiyaya məruz qalan tanınmış şəxsiyyətlər də yad edilib. Mikayıl Müşfiqin şagirdlərin ifasında təqdim olunan şeirləri tədbirə xüsusi emosional təsir qatıb.
Proqram çərçivəsində “Sözün repressiyası” sənədli filmindən fraqmentlər nümayiş etdirilib, həmçinin Litva səfirliyi tərəfindən hazırlanmış videoçarx təqdim olunub. Məktəblilər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyalar, səhnəciklər və şeirlər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Tanınmış incəsənət xadimlərinin ifaları, muğam və musiqi nömrələri, həmçinin Litva xalq rəqsi təqdim olunub. Sonda Azərbaycan Yazıçılar Birliyi və Litva səfirliyi tərəfindən bir sıra iştirakçılar diplomlarla təltif edilib.